Məhsullar çap üçün necə işlənilir, pdf fayl necə hazırlanmalıdır?

Müasir dövrümüzdə dizayn və tərtibat işləri kompüterdə müxtəlif prqoramlar vasitəilə işlənib hazırlanır. İşlərin Quark Xpress, Adobe InDesign, CorelDraw, Adobe Illustrator kimi peşəkar dizayn və səhifələmə proqramlarında hazırlanması çap üçün daha məqsədəuyğundur. Bu zaman istifadə olunan foto və illüstrasiya rəsmləri CMYK rejimdə işlənməli, nöqtə sıxlığı 300 dpi-dən aşağı olmamalı, kəsim üçün kənarlardan 3-5 mm pay artırılmalı və çapa PDF formatında təqdim olunmalıdır. Çapa hazırlanan PDF fayl işləndiyi proqramdan “export” yolu ilə alınmışsa Acrobat Disteller və ya Adobe Acrobat proqramlarında bir daha PDF olunmalı, istifadə olunmuş şriftlər (font) vektora (qurves) çevrilməlidir.

MS Office proqramlarında (Word, Excel, Power Point və s.) hazırlanıb PDF olunmuş işlərdə ölçü, rəng və rəsmlərin keyfiyyəti zəmanətli olmur.

Çapa hazırlanmış PDF faylda çatışmazlıqlar olarsa iş – çalışılan proqram faylı, rəsmləri, şriftləri ilə birgə çapa hazırlanması üçün yenidən təqdim olunmalıdır.

Mətnlərin yığımı və üzərində düzəlişin unikod sistemilə olunmasına diqqət edin.

Hazır işləri birbaşa ofisimizə gəlib təqdim edə, e-poçt, və ya internet üzərindən yükləməklə (məsələn: wetransfer.com vasitəsilə) göndərə bilərsiniz.

Diqqət: bunları nəzərə almanız vacibdir!

Termo-yapışqan cildli məhsullarda kötüyə birləşmədə iç səhifələrdə qalınlıqdan asılı olaraq işin 2-3 mm, yumşaq cildli qapağın içində 3-5 mm-ə yaxın görünməyən hissəsi əmələ gəlir.

Məftil tikişli işlərin iç səhifələri səhifə sayı və seçilən kağızdan asılı olaraq ortaya getdikcə sağ kənara doğru sürüşür. Bu da işin daha çox kəsimə getməsinə və hər hansı dizayn elementlərinin itməsinə səbəb ola bilir.

Spiral cildlərdə 4 tərəfdən kəsim üçün pay artırın və spiral dəliklərinin 8 mm-ə qədər işin içərsinə girdiyinə diqqət edin.

Termo-yapışqan cildli qapaqlarda dizayn zamanı kötüyə yaxın 7mm-lik büküş qatı nəzərə alınmalıdır.

Karton cildli qapaqlarda 4 tərəfdən 15-20 mm bükülmə payı olmalıdır.

İşlərin ölçüləri istifadə olunan kağız standartlarına və hazırlanacaq məhsulun növünə uyğun olmalıdır, bunun üçün öncədən bizimlə əlaqə saxlayıb dəqiqləşdirmə apara bilərsiniz.

Çalışmalarınızda uğurlar arzu edirik!