VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” keçirildi.

Sərginin məqsədi kitab və mütaliəni təbliğ etmək və populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etmək, nəşriyyat işinə dəstək vermək, nəşriyyatları potensial əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, eləcə də rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini təmin etmək idi.

“Baku International Book Fair 2021” kitab sərgisi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olundu.

Sərgidə nəşriyyatlar, mətbəələr, kitab mağazaları və mədəniyyət mərkəzləri təqdim olundu. Həmçinin, sərgidə ayrı-ayrı ölkələrdən 200-ə yaxın şirkət iştirak etdi.

“Baku International Book Fair 2021” kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsət yaratdı.

Sərginin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir, qızıl sponsoru – “bp” şirkəti, baş TV tərəfdaşı – Azərbaycan İctimai Televiziyası, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirtdi.